Müsavat Avropa Koordinasiya Mərkəzinin
ƏSASNAMƏSİ
Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) Avropada yaşayan müsavatçılar tərəfindən Azərbaycanda demokratik cəmiyyətin qurulması istiqamətində fəaliyyətin səmərəliliyinə yardım edilməsi, Müsavat Partiyasının qəbul etdiyi qərarların həyata kecirilməsi, partiya strukturları ilə əlaqələrinin dinamikliyinin artırılması, Avropa üzrə ümumi fəaliyyətin koordinasiyası məqsədi ilə yaradılır.
Müsavat AKM müstəqil, demokratik Azərbaycan dövlətinin formalaşması, onun inkişaf etmiş dövlətlər sırasına çıxması, əhalisinin maddi və mənəvi yüksəlişinin təmin edilməsi yönündə Avropada yasayan həmvətənlərimizin siyasi mənsubiyyətindən asılı olmayaraq bütün mühacirlərin sivil, demokratik prinsiplər əsasında birgə fəaliyyətinə səy göstərir.
- Müsavat Avropa Koordinasiya Mərkəzinin quruluşu:
– AKM-in tərkibi ayrı-ayrı ölkələrdə və ya şəhərlərdə yaşayan Müsavat AKM üzvləri tərəfindən seçilmiş özəklərin (və ya şöbə) sədrlərindən, koordinatorlardan ibarətdir.
- Müsavat AKM-in özəkləri
– Müsavat AKM-in özəkləri Avropada müvafiq ərazidə fəaliyyət göstərən və ən azı üc üzvü birləşdirən qurumdur;
– Müsavat AKM-in özəkləri müvafiq ərazidə yaşayan, işləyən və ya təhsil alan üzvlərdən ibarət olub, Müsavat AKM-in Məclisinin və ya Koordinasiya Mərkəzinin qərarı ilə yaradılır;
– Müsavat AKM-in özəyinin ali orqanı onun ümumi yığıncaqdır. Özəyin ümumi yığıncağı 3 aydan gec olmayaraq keçirilir. Növbədənkənar yığıncaq Müsavat AKM sedrinin,AKM-in özək şurasının, özək üzvlərinin 1/3-nin təşəbbüsü ilə 3 gün ərzində özək sədri tərəfindən çağırılır;
– özək sədri Müsavat AKM-in Məclisinin (Koordinasiya Mərkəzinin) üzvüdür;
– özəklər Müsavat AKM-in tərəfdarlarını siyahıya alır və onlarla mütamadi görüşlər təşkil edir;
– yeni üzvlərin qəbul edilməsi üçün səy göstərir;
– Təşkilat üzvlərinin Müsavat Nizamnaməsinə və bu Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərməsini təmin edir;
– üzvluk haqlarının ödənilməsini təşkil edir və bu barədə AKM sədrinə aylıq məlumat verir.
- Müsavat AKM-in mərkəzi orqanları
Konfrans (ümumi yığıncaq):
– Müsavat AKM-in ali orqanı onun ümumi yığıncağı və ya üzvlər tərəfindən seçilən nümayəndələrin konfransıdır;
– Növbəti konfrans 4 ildən bir Müsavat AKM-in Məclisi tərəfindən çağırılır;
– Konfransda nümayəndəlik norması və onun keçirilmə qaydası Müsavat AKM-in Məclisi tərəfindən müəyyən edilir;
– Müsavat AKM-in Əsasnaməsini qəbul edir, ona dəyişiklik və əlavələr edir;
– Müsavat AKM-in fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir;
– Musavat AKM-in sedrini secir;
– Müsavat AKM-in Məclisinin özək sədri olmayan üzvlərini seçir;
– Müsavat AKM-in konfransı Müsavat AKM-in NTK-a üzvlərini seçir;
– Müsavat AKM sədrinin və NTK-nın hesabatlarını dinləyir.
Məclis:
– Müsavat AKM-in Məclisi özək sədrlərindən, Müsavat AKM-in konfransı (ümumi yığıncağı) tərəfindən seçilmiş digər üzvlərindən ibarətdir;
– özəklərin yeni seçilən sədrlərinin Məclis üzvü səlahiyyətini təsdiq edir;
– Məclis AKM-in mətbuat orqanlarını və digər kütləvi informasiya vasitələrini təsis edə bilər;
– Məclis öz səlahiyyətlərinin müəyyən hissəsini Müsavat AKM-in sedrinə həvalə edə bilər.
- 4. Koordinasiya Mərkəzi:
– Məclislərarası dövrdə Müsavat AKM-in işinə rəhbərlik edir;
– Avropada yaşayan Müsavat üzvləri və müsavatçıların siyahılarını dəqiqləşdirir;
– təkliflər əsasında Avropada Koordinasiya Mərkəzinin ərazilər üzrə özəklərinin yaradılması üçün təkliflər hazırlayır;
– illik, rüblük fəaliyyət planını müəyyənləşdirib təsdiq edir;
– ayrı-ayrı ölkələrdə olan özəklərin fəaliyyətini stimullaşdırır və koordinasiya edir;
– özəklərin müvafiq ölkə və şəhərlərdə siyasi və sivil toplum quruluşları ilə əməkdaşlığın təmin edilməsi üçün fəaliyyət planını qəbul edib həyata keçirir;
– 3 aydan gec olmayaraq öncədən müəyənləşdirilmiş şəhərdə Koordinasiya Mərkəzinin toplantısını keçirir;
– AKM-in vahid blankı və vahid hesab nömrəsini yaradır;
– xaricdə yaşayan müsavatçıların fəaliyyəti, o cümlədən sosial şəbəkələrdə fəaliyyəti ilə bağlı tövsiyyələr verir;
– bütün Avropa ölkələri və şəhərlərində özəklərin qurulması üçün təşkilati tədbirlər həyata keçirir.
- Müsavat AKM-in sədri:
– Müsavat AKM-i təmsil edir, onun adından müqavilələr və sazişlər imzalayır;
– Koordinatorların və müavinlərin işinə rəhbərlik edir;
– Sədr Məclisin növbədənkənar iclaslarını çağırmaq hüququna malikdir;
– Sədr öz Məsləhət Şurasını yarada bilər;
– Sədr öz səlahiyyətlərinin müəyyən hissəsini müavinlərdən birinə həvalə edə bilər;
– AKM-in cari işlərinə rəhbərliyi və qərarların həyata keçirilməsinə nəzarəti sedrin başçılığı ilə müavinlər həyata keçirir. Müavinlərin hər biri AKM-nın fəaliyyətinin müəyyən sahəsinə rəhbərlik edir.
- Müsavat AKM-in NTK-sı
– şikayətlər əsasında seçkili orqanlarının və üzvlərinin fəaliyyətinin Əsasnaməyə və Müsavat Partiyasının Proqramına uyğun olmasına, Müsavat AKM-in intizamına əməl olunmasına nəzarət edir. Aşkar edilən pozuntular barədə qərarlar qəbul edir və ya müvafiq strukturlar qarşısında məsələ qaldırır;
– Müsavat AKM-in üzvlərindən və orqanlarından daxil olan ərizə və şikayətlərə 1 ay müddətində cavab verir;
– NTK-nın sədri onun toplantısında seçilir. NTK-nın sədri onu təmsil edir, iclaslarını idarə edir, NTK üzvlərinin fəaliyyətini əlaqələndirir. Sədr öz səlahiyyətlərinin müəyyən hissəsini NTK üzvlərindən birinə verə bilər.
Müsavat AKM-də bütün seçkilər gizli səsvermə ilə keçirilir.